AQROTURİZM fəaliyyətlərinin təşkili üzrə Bələdçi Kitabı
Kənd Təsərrüfatı və Turizm sektorları regionların sosial-iqtisadi inkişafında və iqtisadiyyatın şaxələndirilməsində əsaslı rol oynayan amillərdən biridir. Bu məqsədlə həm turizm, həm də kənd təsərrüfatı sektorlarının inkişafını nəzərdə tutan müxtəlif dövlət proqramları icra edilməkdədir. Kənd yerlərinin inkişafı üçün müxtəlif yanaşmalar və konsepsiyalar mövcuddur ki, bunlardan biri də aqroturizmdir.
Aqroturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişməsindən meydana gələn xidmət sahəsi olub və fermerlər üçün əsaslı investisiya tələb etməyən, mövcud resurslardan istifadə edərək yeni gəlir mənbəyidir. Beləliklə, fermerləri və aqroturizmlə məşğul olmaq istəyən sahibkarları düzgün istiqamətləndirmək üçün “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə Bələdçi kitabı”nın yazılmasına qərar verildi. Kitabın hazırlanmasında oxşar və əlaqəli ədəbiyyatlar gözdən keçirilmiş, Lənkəran, Gədəbəy, Daşkəsən, Tovuz və Göygöl rayonlarından ümumilikdə 10 kənd olmaqla, 15 fermer ilə müzakirələr aparılmışdır.
Aqroturizm fəaliyyətlərinin təşkili üzrə Bələdçi kitabı Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı nəticəsində hazırlanmışdır